Prezident İlham Əliyev Qarabağda bərpa olunan enerji mənbələrinin böyük inkişaf perspektivlərinin olduğunu deyib və bu sahəyə xarici investisiyaların cəlb edilməsində maraqlı olduğunu bildirib.
"Müharibədən əvvəl biz artıq iki investoru bərpa olunan enerji mənbələri sahəsinə cəlb etmişik. Bu baxımdan azad edilmiş torpaqlar böyük potensiala malikdir. Kəlbəcər və Laçında külək enerjisi, Zəngilanda isə günəş enerjisi sahəsində böyük potensial var. Artıq müvafiq qurumlara xarici tərəfdaşlarla bu məsələlər üzərində işləmək tapşırığı verilib. Biz Qarabağı "yaşıl enerji zonası" elan etmişik və investorlardan təkliflər gözləyirik", - deyə İ.Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında bildirib.
O əlavə edib ki, Qarabağın bərpası üçün ayrılan dövlət investisiyaları birinci mərhələ üçün kifayətdir.
"2,2 milyard manat ($1,3 milyard, 2021-ci il dövlət büdcəsində nəzərdə tutulub - İF) birinci mərhələ üçün məqbul məbləğdir. Bundan başqa, Qarabağın bərpası ilə bağlı mənə təklif edilmiş investisiya proqramına baxanda gördüm ki, bu il həyata keçirilən layihələrə yönəldilən məbləğ təxminən 1 milyard manat təşkil edir. Bunlar, əsasən infrastruktur, yollar, aeroportlar üzrə layihələrdir. Biz hələ ki, tikinti üçün vəsait ayırmırıq, planları (şəhərlərin - İF) gözləyirik", - deyə dövlət başçısı qeyd edib.
Prezident əlavə edib ki, azad edilmiş ərazilərin bərpası üzrə xərclərin böyük hissəsini dövlət öz üzərinə götürəcək.
"Dövlət bütün infrastruktur xərclərini və mənzil fondu üzrə xərclərin böyük hissəsini öz üzərinə götürəcək. Özəl şirkətlər də şəhərlərə investisiya qoymaq imkanına malik olacaqlar. Kəndlərə gəlincə, onların bəzilərində 5-7 ev olub. Yəqin ki, onlar prioritet olmamalıdır. Azad edilmiş torpaqlara qayıdacaq əhalinin sayı müəyyən edildikdən sonra hansı ərazilərdə tikinti işlərinin aparılması məsələsinə baxacağıq", - deyə İ.Əliyev bildirib.*