Azərbaycan işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi əməliyyatlarının həyata keçirilməsi üçün 2021-ci il dövlət büdcəsində 100 milyon manatdan artıq ($60 milyondan çox) vəsait nəzərdə tutub.
"İşğaldan azad edilmiş ərazilərin minalardan və digər partlayıcı vasitələrdən təmizlənməsi məqsədilə Minatəmizləmə Agentliyinin fəaliyyəti üçün cari ilin investisiya proqramında 100 milyon manatdan artıq vəsait nəzərdə tutmuşuq. Biz, həmçinin ən qabaqcıl texnika, robotlaşdırılmış aparatlar almışıq", - deyə Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında bildirib.
Bununla yanaşı, prezident qeyd edib ki, azərbaycanlı istehkamçılar ikinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra Türkiyəyə ixtisasartırma kurslarına göndəriliblər.
Bundan başqa, Ağdam rayonunun ərazisinin minalardan təmizlənməsində Rusiya Fövqəladə Hallar Nazirliyinin bir qrupu da iştirak edir. Rusiya Fövqəladə Hallar Nazirliyi qrupunun əsas fəaliyyəti rusiyalı sülhməramlıların məsuliyyət zonası ilə bağlıdır, lakin onlar burada da iştirak edirlər.
O əlavə edib ki, hazırda minalardan təmizləmə və tikinti istiqamətində bir çox xarici şirkətlərlə, xüsusilə Rusiya şirkətləri ilə danışıqlar aparılır. "Biz istəyirik ki, yerli şirkətlər də bu prosesdə iştirak etsinlər, belə ki, minalardan təmizlənməli olan ərazi kifayət qədər böyükdür. İlk növbədə, kommunikasiyaların, yaşayış məntəqələrinin, həmçinin kənd təsərrüfatı fəaliyyəti üçün ərazilərin minalardan təmizlənməsi məsələsi gəlir. Bu günədək artıq 7 min hektardan çox ərazi təmizlənib", - deyə İ.Əliyev bildirib.*