Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində və Azərbaycanın Qarabağ bölgəsində rusiyalı sülhməramlıların yerləşdirildiyi zonaya bitişik ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçularının vəzifə maaşlarına müddətli əlavələr təyin edilib. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Müdafiə nazirinin əmrinə əsasən, Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində və Azərbaycanın Qarabağ bölgəsində Rusiya Federasiyası sülhməramlı kontingentinin yerləşdirildiyi zonaya bitişik ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçularının vəzifə maaşlarına 100 faiz həcmində müddətli əlavələr təyin edilib”, - deyə məlumatda bildirilir.
Bundan əlavə, işğaldan azad edilmiş və hazırda infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət keçən hərbçilərin vəzifə maaşlarına 50 faiz həcmində müddətli əlavələr təyin olunub.
Əmr cari ilin yanvar və fevral ayları üçün ödəniləcək pul təminatına da şamil edilir.*
X.Nəsirzadə