Yaxın zamanda Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin üçtərəfli görüşü baş tutacaq. Bu barədə Türkiyə XİN başçısı Mövlut Çavuşoğlu bəyan edib.
“Gürcüstan hökumətinin dəyişməsi ilə əlaqədar təxirə salınan üç ölkənin XİN başçılarının görüşü qısa zamanda Azərbaycanda keçiriləcək”, - Çavuşoğlu bu gün Ankarada gürcü həmkarı David Zalkaliani ilə birgə mətbuat konfransında bildirib.
O vurğulayıb ki, Ankara Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatına böyük önəm verir.
Həmçinin, Türkiyə XİN başçısı məlumat verib ki, Zalkaliani ilə görüş zamanı Qarabağda müharibədən sonra regionda sabit və davamlı sülhün təminatı məqsədilə zəruri tədbirlər, regional əməkdaşlıq layihələri, Bakı-Tbilisi-Qars dəmir yolunun, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP boru kəmərlərinin əhəmiyyəti müzakirə olunub.
Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının üçütərəfli görüşünün fevralın 19-da Bakıda keçirilməsi planlaşdırılmışdı. Lakin Georgi Qaxariyanın rəhbərliyi ilə Gürcüstan hökumətinin istefası səbəbindən təxirə salınıb. **
N.Abbasova