4-cü DOST mərkəzinin 2021-ci ilin mart ayının sonu - aprel ayının əvvəllərində açılması planlaşdırılır. Bu barədə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov məlumat verib.
"Dördüncü DOST mərkəzini martın sonunda və ya aprelin əvvəllərində açmağı planlaşdırırıq. Bakıda açılacaq bu mərkəz Nərimanov və Binəqədi rayonlarında qeydiyyatda olan vətəndaşlara sosial təminat və məşğulluq sahələrində xidmətlər göstərəcək", - deyə F.Məmmədov Caspian Energy Club-un təşəbbüsü ilə keçirilən onlayn forumda bildirib.
İdarə Heyətinin sədri, həmçinin qeyd edib ki, cari ilin may ayında Abşeron rayonunda beşinci DOST mərkəzinin açılması planlaşdırılır. Mərkəz Xırdalan şəhərində yerləşəcək.
"Bundan başqa, regional mərkəzlərin açılması istiqamətində işlər aparılır. Xüsusilə 2021-2022-ci illərdə Quba, Bərdə, Gəncə, Sumqayıt və Sabirabadda DOST mərkəzlərinin açılışı gözlənilir", - deyə o bildirib.
Daha əvvəl əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirmişdi ki, 2021-ci ildə Azərbaycanda 4 DOST mərkəzinin açılması planlaşdırılır.
2025-ci ilədək ölkədə 31 DOST mərkəzinin yaradılması planlaşdırılır.
DOST mərkəzlərində vətəndaşlara 126 adda sosial xidmət göstəriləcək, bunların 91-i elektron formada olacaq. Hazırda DOST mərkəzində 20-dən artıq elektron xidmət göstərilir.*
X.Nəsirzadə