Azərbaycan dünyada nadir ölkələrdəndir ki, tam müstəqil şəkildə öz daxili, xarici siyasətini aparır, öz dostlarını özü seçir, heç kimin qabağında baş əymir, heç kimə hesabat vermir. Bu barədə prezident İlham Əliyev bəyan edib.
“Biz bu il müstəqilliyimizin 30 illiyini qeyd edəcəyik. Müstəqillik deyəndə təbii ki, mən real müstəqilliyi nəzərdə tuturam. Burada da Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, tam müstəqil şəkildə öz daxili, xarici siyasətini aparır, öz dostlarını özü seçir, heç kimin qabağında baş əymir, heç kimə hesabat vermir. Son illərin tarixi göstərdi ki, bütün cəhdlərə baxmayaraq, heç kim Azərbaycanı öz müstəqil yolundan döndərə bilmədi. Nə qədər cəhdlər göstərildi ki, bizi bu və ya digər avantüraya cəlb etsinlər, bizi təhrik etsinlər, hətta bəzi dost ölkələrlə bizim aramıza girsinlər. Bu cəhdlər çox olub. İstisna edilmir ki, bundan sonra da çox olacaq. Ancaq biz müstəqil siyasət apararaq bütün bu cəhdləri alt-üst edirik”, - Əliyev cümə günü Yeni Azərbaycan Partiyasının VII qurultayında bildirib.
Dövlət başçısının sözlərinə görə, müstəqilliyimizin ilk illəri faciəvi illər idi və ölkəmiz müstəqilliyi tamamilə itirə bilərdi, lakin 30 ildən sonra Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş ölkə kimi bu yubileyi qarşılayır.
Əliyev vurğulayıb ki, müharibə zamanı Azərbaycan yalnız 7 rayonu deyil, daha çox ərazini işğaldan azad edib.
“Biz, eyni zamanda, Şuşanı azad etmişik, eyni zamanda, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş Hadrut rayonunu tam azad etmişik. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş Martuni, indiki Xocavənd rayonunun 50%-dən çox hissəsini azad etmişik. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş Mardakert, indiki Ağdərə rayonunun böyük hissəsini azad etmişik, o cümlədən Suqovuşan qəsəbəsini. Biz təkcə yeddi rayonu azad etməmişik. Daha çox ərazini azad etmişik və bu gün yaratdığımız reallıq artıq dünya tərəfindən qəbul edilir. Bir daha demək istəyirəm ki, bu reallığı biz yaratmışıq - güc hesabına, iradə hesabına, birlik hesabına”, - prezident bildirib. **
Ə.Məmmədov