Bakı Brüssellə strateji tərəfdaşlığa dair yeni sazişlə bağlı danışıqlarda qarşıdan gələn aylar ərzində daha böyük irəliləyiş olacağına ümid edir. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bunu Prezident İlham Əliyev deyib.
“Biz Avropa İttifaqı ilə sazişin müzakirəsinin yekun mərhələsindəyik, pandemiya və müharibə səbəbindən bu müzakirələr müvəqqəti dayandırılıb. Lakin sazişin müddəalarının mütləq əksəriyyəti artıq razılaşdırılıb və əminəm ki, qarşıdan gələn aylar ərzində daha böyük irəliləyiş olacaq”, - deyə dövlət başçısı bu gün Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonu videoformatda qəbul edərkən bildirib.
Aİ Xarici İşlər Nazirləri Şurası 14 noyabr 2016-cı il tarixində Azərbaycanla saziş üzrə danışıqların aparılması üçün Avropa Komissiyası və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə mandat verib. Yeni saziş 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini əvəz etməlidir.
Yeni sazişlə bağlı danışıqlara 2017-ci il fevralın 7-də başlanılıb.*
R.Əhmədov