Martın 12-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə bölgədə yaranmış yeni vəziyyət müzakirə olunub.
“Tərəflər bölgədə yaranmış yeni vəziyyəti, post-müharibə şəraitini və bir sıra digər məsələləri müzakirə ediblər”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Müharibə zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə, Bərdə, Tərtər və digər yaşayış məntəqələrini müntəzəm atəşə tutmasını, məqsədyönlü şəkildə dinc əhalini qətlə yetirməsini ciddi pisləyən general-polkovnik Zakir Həsənov beynəlxalq ictimaiyyət tərəfindən bu məsələyə layiqli qiymət verilməsinin və həmin hadisələri törədənlərə qarşı müvafiq tədbirlərin görməsinin vacibliyini vurğulayıb.
Azərbaycanın torpaqlarını işğaldan azad edərək 30 ilə yaxın davam edən Dağlıq Qarabağ münaqişəsini həll etməsinin Cənubi Qafqaz regionunda sabitliyin təmin olunmasına töhfə verəcəyini diqqətə çatdıran nazir Azərbaycan Ordusu tərəfindən azad edilmiş ərazilərdə post-müharibə dövründə keçirilən tədbirlər haqqında da Klaarı məlumatlandırıb.
“T.Klaar Ermənistan ilə Azərbaycan arasında baş verən bütün silahlı toqquşmaları, xüsusilə də keçən ilin payızında baş vermiş müharibəni diqqətlə izlədiyini qeyd edərək, Cənubi Qafqaz regionunda sabitliyin qorunmasının vacibliyini vurğulayıb. O, həmçinin bildirib ki, Avropa İttifaqı bu istiqamətdə atılan bütün addımları dəstəkləyir”, – deyə məlumatda qeyd olunur.*
R.Əhmədov