Politoloq Fuad Axundov bu gün Ağdam şəhərinə səfər edərək şəhər qəbiristanlığını tamamilə məhv etmiş ermənilərin vandalizminin şahidi olub.
“Mən Ermənistanın keçmiş hakim Respublikaçılar Partiyasının “Qaregin Njde və onun təlimi” adlı proqram kitabçasını tez-tez xatırlayıram, burada erməni tseqakronunun İtaliya faşizmi və alman nasizmi ilə qarışdırılmaması çağırışı yer alır. Bu gün mən 1500 nəfərin məzarının və qalıqlarının məhv edilərək naməlum istiqamətə aparıldığı Ağdam şəhər qəbiristanlığında dayanaraq bu kitabçanı xatırladım və onunla razılaşıram”, - deyə Axundov Ağdamda gördüklərini “İnterfaks-Azərbaycan” agentliyinə şərh edərkən bildirib.
Onun sözlərinə görə, ermənilərin Ağdamda törətdikləri vandalizmi vaxtilə nə İtaliya faşistləri, nə də alman nasistləri törədiblər. “Sovet qoşunları qarşısında tab gətirməyərək geri çəkilən almanların qəbirləri qazıb məhv etmək ağıllarına belə gəlmirdi. Ağdamda isə 1500 qəbir məhv və talan edilib. Ermənilər tərəfindən bu cür vandalizm aktları işğal edilmiş digər ərazilərdə də həyata keçirilib. Buna görə də bu, həqiqətən, erməni tseqakronudur. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda bütün bu vandalizm faktlarını öz gözümüzlə görürük", - deyə Axundov qeyd edib.
Politoloq mütərəqqi düşüncəli erməniləri erməni nasizminin əməlləri ilə mübarizə aparmağa çağırıb. “Mən, sözsüz ki, əksəriyyət təşkil edən ağıllı, normal ermənilərin diqqətini buna yönəltmək istəyirəm ki, onlar erməni nasistlərin törətdikləri vəhşilikləri görsünlər. Azərbaycan Prezidentinin dediyi kimi, erməni cəmiyyətini bu nasizmin təzahürlərindən və elementlərindən müalicə etdirmək lazımdır. Bununla sadə ermənilər özlərini tseqakron ideyasından xilas edə biləcəklər”, - deyə Axundov əlavə edib.*
A.Əzizov