2020-ci ildə Azərbaycanda daxili turist axını 1 milyon 268,7 min nəfər təşkil edib, bu da 2019-cu ilin göstəricisindən 3,4 dəfə azdır. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə ölkənin turizm bazarındakı mənbə məlumat verib.
Azalma 2020-ci ilin böyük hissəsində Covid-19-la əlaqədar qüvvədə olan məhdudiyyətlərlə bağlı olub.
Eyni zamanda, turistlərin ümumi sayından 731,4 min nəfər kişi (azalma 3,4 dəfə), 537,3 min nəfər – qadınlar təşkil edib (azalma 4 dəfə).
Bütövlükdə, 2020-ci ildə daxili turizm çərçivəsində 5 milyon 426,1 min səfər həyata keçirilib (azalma 4,3 dəfə), bunun 2 milyon 203,5 min səfəri – 3 günədək səfərlərin payına düşür (azalma 4 dəfə).
Həmçinin, 2020-ci ildə 2 milyon 629,2 min səfər (azalma 3,1 dəfə) qohum və dostlarını görmək, 1 milyon 67,9 min səfər (azalma 7 dəfə) istirahət məqsədilə, 540,2 min səfər (azalma 4,1 dəfə) işlə əlaqədar olub.
Mənbənin məlumatına görə, 2020-ci ildə turistlərin xərcləri 813 milyon manat (azalma 4,3 dəfə) təşkil edib. Xərclərin əsas hissəsini mal və hədiyyələrin alınması (207,2 milyon manat - azalma 4 dəfə), qidalanma (162,5 milyon manat - azalma 4,3 dəfə), nəqliyyat xərcləri (145,7 milyon manat - azalma 4,5 dəfə), yerlışdirilmə (106,1 milyon manat – azalma 4,5 dəfə) təşkil edib. **
X.Nəsirzadə