Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qarabağda azad edilmiş ərazilərdə hərbi infrastrukturun inkişaf etdirilməsi ilə bağlı göstəriş verib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir.
“Bu gün Mərkəzi Komanda Məntəqəsində un rəhbərliyi altında nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə yerləşən birlik və birləşmə komandirləri, o cümlədən digər məsul zabitlərin də cəlb olunması ilə xidməti müşavirə keçirilib”, - məlumatda qeyd olunur.
Müşavirədə nazir azad edilmiş ərazilərdə hərbi infrastrukturun inkişaf etdirilməsi, mühəndis-istehkam işləri və qoşunların mühəndis təminatı tədbirləri, döyüş növbətçiliyinə cəlb edilən hərbi qulluqçuların sayıqlığının artırılması, həmçinin bölmələrin maddi-texniki təminat və təchizatının daha da yaxşılaşdırılması ilə bağlı konkret göstərişlər verib.
Bundan başqa, Həsənov şəxsi heyətin hazırlıq səviyyəsinin və bölmələrin döyüş qabiliyyətinin artırılmasında Vətən müharibəsində qazanılan təcrübə nəzərə alınmaqla əsas diqqətin hərbi hissələrdə, xüsusilə də azad edilmiş ərazilərdə yerləşən bölmələrdə keçirilən döyüş hazırlığı üzrə məşq və dərslərin keyfiyyətinin yüksəldilməsinə yönəldilməsini tapşırıb. **
B.Rüstəmbəyov