Rəsmi Daşkənd Qarabağda dağıdılmış tarixi abidələrin bərpasında maraqlıdır. Bunu Özbəkistan prezidenti Şavkat Mirziyoyev deyib.
“Fürsətdən istifadə edərək bir daha Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevi və Azərbaycan xalqını Dağlıq Qarabağın qaytarılması və tarixi ədalətin bərpası münasibətilə təbrik etmək istəyirəm. Özbəkistan Qarabağdakı qədim abidələrin, məscidlərin, mədəni maarifləndirmə məkanlarının bərpasına töhfə verməyə hazırdır”, - deyə o, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündə bildirib.
Bundan başqa, Mirziyoyev Türk Şurasının iqtisadi əlaqələrinin möhkəmləndirilməsi çərçivəsində təşkilatın üzv ölkələrinin spesifik xüsusiyyətlərini nəzərə alan yaxın və ortamüddətli perspektiv üçün iqtisadi əməkdaşlıq strategiyasının işlənib hazırlanmasını təklif edib.
“Bununla yanaşı, davam edən qlobal böhranın mənfi nəticələrinin aradan qaldırılmasına, ticarət, investisiya, sənaye və nəqliyyat əlaqələrinin bərpasına və inkişafına, elektron kommersiya və rəqəmsal texnologiyaların geniş tətbiqinə, regionlararası əməkdaşlıq və işgüzar dairələrin potensialından daha dolğun istifadəyə xüsusi diqqət yetirilməlidir”, - deyə o vurğulayıb.
Özbəkistan prezidenti, həmçinin Türk Şurasının İnvestisiya Fondu və İnkişaf Bankının yaradılmasını təklif edib.
Bundan başqa, Ş.Mirziyoyev nəqliyyat-logistika əlaqələrin gücləndirilməsi məsələsinə də toxunub. “Mərkəzi Asiyadan (Çin, Hindistan, Pakistan və digər Asiya ölkələri daxil olmaqla) əsas dünya bazarlarına, eləcə də Azərbaycan və Türkiyədən Avropa ölkələrinə çıxışı təmin etmək vacibdir. Bu istiqamətlərdə nəqliyyat dəhlizlərinin inkişafı və logistika infrastrukturunun yaradılması üzrə iri layihələrin birgə həyata keçirilməsi ümumi maraqlarımıza tam cavab verir", - deyə o vurğulayıb.
Özbəkistan prezidenti ictimaiyyətin Türk Şurasına üzv ölkələrdəki müqəddəs yerlərlə yaxından tanış olması üçün ziyarət turizminin inkişafı proqramının hazırlanması təşəbbüsü ilə də çıxış edib.*
X.Nəsirzadə