Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla Dağlıq Qarabağa dair üçtərəfli razılaşmaların həyata keçirilməsinin gedişini müzakirə edib.
Rusiya XİN-in yaydığı məlumata görə, görüş Moskvada MDB ölkələrinin xarici işlər nazirləri Şurasının iclası çərçivəsində baş tutub.
“XİN başçıları Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmalarının həyata keçirilməsinin gedişini, xüsusilə Dağlıq Qarabağdakı humanitar tapşırıqların həllinə dair məsələləri, regionda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpa olunmasını müzakirə ediblər”, - deyə məlumatda bildirilir.
Bundan başqa, ikitərəfli münasibətlərə dair aktual məsələlər, o cümlədən, yüksək səviyyəli təmaslar, eləcə də iki dövlət arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin 2022-ci ildə qeyd olunmasına hazırlıq barədə fikir mübadiləsi aparılıb.
“Beynəlxalq gündəmdə duran və qarşılıqlı maraq doğuran bir sıra mövzulara toxunulub”, - deyə məlumatda qeyd olunur.*