Türkiyənin müdafiə naziri Hulusi Akar bəyan edib ki, Ankara və Bakı Azərbaycan Ordusunun modernizasiya edilməsi üçün “Yol xəritəsi”nin reallaşdırılmasına başlayıb. Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
“Biz Azərbaycan Ordusunun dövrün tələblərinə uyğun yenidən qurulması, modernizasiya edilməsi və iki qardaş ölkənin silahlı qüvvələrinin gələcəkdə də birlikdə fəaliyyət göstərməsi üçün “Yol xəritəsi” hazırlamışıq və reallaşdırılmasına başlamışıq”, - deyə o bildirib.
Nazir vurğulayıb ki, 2021-ci ilin əvvəlindən keçirilən iki birgə hərbi təlim Silahlı Qüvvələr arasında əməkdaşlığın möhkəmləndirilməsinə yönəlib. “Türkiyə və Azərbaycan öz mənafeyini, sabitliyini qorumaq əzmindədir və bunu hər kəs bilməlidir”, - deyə H.Akar əlavə edib.
Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında həyatın ən qısa zamanda normallaşmasının vacibliyini vurğulayan müdafiə naziri qeyd edib: “Bunun üçün bölgənin təhlükəsizliyi vacibdir. İşğaldan azad edilmiş ərazilər mütləq minalardan təmizlənməlidir. Bunun üçün əməkdaşlarımızı ora göndərdik, hazırda onlar işləyirlər. İnşallah, ən qısa zamanda oralarda təmizləmə işləri başa çatdırılıb həyatın normallaşmasına töhfə veriləcək”.*
N.Abbasova