Prezident İlham Əliyev “2021-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir1/4 oyunu) Bakı şəhərində keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Sərəncama əsasən, 2021-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun ─ üç qrup və bir 1/4 oyununun (bundan sonra ─ oyunlar) Bakı şəhərində keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamın 2-ci hissəsində göstərilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2021-ci il mayın 1-dən iyulun 5-dək Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində viza ala bilərlər. Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir: oyunların Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin və ya Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi dəvət məktubu; Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya digər sənəd; Bakı şəhərində keçiriləcək oyunlarda iştirak edən futbol komandalarının təmsil etdikləri ölkələrin vətəndaşları və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün oyuna bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.
Xarici İşlər Nazirliyi oyunlarla əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə Avropa Futbol Assosiasiyaları Birliyinə (UEFA) və xarici ölkələrin müvafiq orqanlarına məlumat verməlidir.
Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasına uçuş həyata keçirən aviasiya şirkətlərinə oyunlarla əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat verməlidir.*
B.Rüstəmbəyov