Dövlət Gömrük Komitəsi Azərbaycan ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Ukraynaya kartof yükü aparan yük avtomobilində 213 kiloqram narkotik vasitənin aşkarlanması barədə məlumat yayıb.
“Sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməli hər hansı predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olmadığını bildirsə də kinoloji xidmət iti xüsusi işarələrlə avtomobilin qoşqusuna reaksiya verdiyindən yük boşaldılıb. Nəticədə 119 ədəd kisədə “örtücü mal” qismində istifadə olunmaq məqsədilə yığılan kartofların arasından, ümumilikdə 962 ədəd kartof formasına salınmış oval formalı bağlamalar aşkar edilib. Baxış zamanı bağlamalarda preslənmiş halda, ümumilikdə 213 kq 241 qram spesifik qoxu ilə müşayiət olunan, açıq-qəhvəyi rəngli narkotik vasitə - heroinin olduğu məlum olub”, - deyə məlumatda bildirilir.
Faktla bağlı araşdırma aparılır.*
X.Nəsirzadə