ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanı tezliklə qurumun himayəsi altında yüksək səviyydə dialoqu bərpa etməyə çağırır.
“Həmsədrlər atəşkəs rejiminin möhkəmlənməsini məmnunluqla qeyd edirlər və 2020-ci il 9 noyabr tarixində tərəflər arasında əldə olunan razılığın icrasını diqqətlə izləyirlər. Həmsədrlər həlak olanların cəsədlərinin qaytarılmasında mühüm nailiyyətləri, münaqişə nəticəsində köçürülmüş şəxslər barəsində davam edən irəliləyişi, humanitar yardımın olunması və zəruri həyat şəraitinin yaradılması, həmçinin bütün region boyu nəqliyyat və kommunikasiya xəttlərinin bərpasına yönələn konstruktiv müzakirələri alqışlayırlar”, - ATƏT-in saytında dərc olunan həmsədrlərin bəyanatında deyilir.
Həmsədrlər tərəflərə xatırladırlar ki, qalan problemli məsələlərin həlli və dayanıqlı sülhün formalaşmasına şərait yaradan qarşılıqlı etimad mühitinin yaradılması zəruridir. Bu, xüsusilə aşağıdakı məsələləri özündə ehtiva edir: münaqişə regionlarının minalardan səmərəli təmizlənməsi məqsədilə zəruri olan bütün məlumatların mübadiləsi; Qarabağa səfərlərin məhdudiyyətinin aradan qaldırılması; dini və mədəni irsin qorunması və müdafiəsi; münaqişənin toxunduğu icmalar arasında birbaşa təmasların və əməkdaşlığın qurulması, o cümlədən insanlar arasında etimadın möhkəmlənməsi üzrə digər tədbirlər.
Həmsədrlər vurğulayırlar ki, tərəflərə yaxşı tanış olan elementlər və prinsiplər əsasında son hərtərəfli və davamlı nizamlanmanın əldə olunmasına xüsusi diqqət ayırmaq lazımdır.
Bununla əlaqədar onlar tərəfləri həmsədrlərin himayəsi altında tezliklə yüksək səviyyədə siyasi dialoqu bərpa etməyə çağırırlar. Tərəflərin ilkin şərtsiz prioritetlərini əks etdirən strukturlaşdırılmış gündəliyə birgə nəzər yetirmək və razılaşdırmaq məqsədilə, həmsədrlər öz himayələri altında birbaşa ikitərəfli məsləhətləşmələr təşkil etməyə hazırdırlar.
Həmsədrlər özlərinin qiymətləndirici və vasitəçi funksiyalarının icrası məqsədilə Qarabağ və ətraf rayonlar da daxil olmaqla, regiona işgüzar səfərləri bərpa etməyə hazır olduqlarını vurğulayıblar. **
A.Əzizov