2021-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycan əhalisinin sayı 7,994 min nəfər və ya 0,1% artaraq 2021-ci il martın 1-nə 10 milyon 127,127 min nəfər təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əhalinin 53%-i şəhər, 47%-i isə kənd sakinləridir. Əhalinin 49,9%-ni kişilər, 50,1%-ni qadınlar təşkil edir.
Azərbaycanda hər 1000 kişiyə orta hesabla 1004 qadın düşür.
Yanvar-fevralda ölkə üzrə 20,984 min doğulan körpə qeydə alınıb ki, bu da bir il əvvələ olan göstəricidən 6% azdır və əhalinin hər 1000 nəfərinə bu göstərici 13 təşkil edib. Doğulanların 53,2%-i oğlan, 46,8%-i isə qız uşaqlarıdır. Hesabat dövrü ərezində körpələrin 510-u əkiz, 9-u üçəm doğulanlardır.
Ötən dövr ərzində 13,338 min ölüm halı qeydə alınıb və əhalinin hər 1 min nəfərinə ölənlərin sayı 8,2 təşkil edib. 2020-ci ilin yanvar-fevral aylarında bu göstərici 6,3 olub.
Qeyd olunan dövrdə ölkədə qeydiyyat şöbələri tərəfindən 5,672 min nikah (2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə azalma 30,4%) və 2,417 min boşanma halı (azalma 14,9%) qeydə alınıb.
2021-ci ilin yanvar-fevral aylarında Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycana daimi yaşamaq üçün 395 nəfər gələn və 47 nəfər ölkədən gedən qeydə alınıb.**
X.Nəsirzadə