2021-ci ilin yanvar-mart aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $1 milyard 607 milyon 402,29 min təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 2,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Yanvar-mart aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi $6 milyard 668 milyon 302,23 min (2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə azalma 2,6% - İF) təşkil edib. Hesabat dövründə ixracın həcmi $4 milyard 137 milyon 852,26 min (azalma 1,6%), idxalın həcmi $2 milyard 530 milyon 449,97 min (azalma 4%) təşkil edib.
İxracın strukturunda əsas həcm (87,88%) neft-qaz sektoru məhsullarının payına düşüb.
İdxalın strukturunda 17,98% ərzaq məhsullarının, 0,9% tütün və tütün məhsullarının, 4,47% əczaçılıq məhsullarının, 0,75% gübrələrin, 3,04% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,22% odun və agac məhsullarının, 2,01% geyim və geyim aksessuarlarının, 6,46% qara metal və ondan hazırlanan məmulatların, 26,72% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 10,62% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,76% mebelin, 24,07% digər məhsulların payına düşüb.
Yanvar-mart aylarında xarici ticarət əməliyyatlarında 5,282 min özəl və dövlət müəssisəsi və 12,77 min fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan 153 ölkə ilə ticarət əməliyyatları həyata keçirib.
Yanvar-mart aylarında Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 35,52%-i), Türkiyə (17,87%), Hindistan (8,44%), Gürcüstan (6,32%), İspaniya (4,4%), Portuqaliya (2,99%), Ukrayna (2,96%), Çin (2,8%), Rusiya (3,27%) və İsrail (3,02%) ilə, əsas idxal əməliyyatlarını isə Rusiya (17,78%), Türkiyə (14,97%), Çin (12,35%), Almaniya (7,31%), ABŞ (4,62%), İran (3,79%), Böyük Britaniya (3,01%), Ukrayna (3,95%), İtaliya (3,19%) və Cənubi Koreya (1,83%) həyata keçirib.**
Ə.Məmmədov