Ermənistan tərəfindən Qarabağda Azərbaycan mədəni irsinə vurulmuş zərərin qiymətləndirilməsini təmin etmək Azərbaycan hökuməti üçün prioritet məsələdir və Azərbaycan bu baxımdan YUNESKO ilə sıx əməkdaşlıq edir. Bu barədə Xarici İşlər Nazirliyindənməlumat verilir.
“Azərbaycan mədəni irsinə vurulmuş misli görünməmiş zərərin müstəqil bir missiya tərəfindən tam qiymətləndirilməsini təmin etmək Azərbaycan Hökuməti üçün prioritet məsələdir və Azərbaycan bu baxımdan YUNESKO ilə sıx əməkdaşlıq edir”, - XİN-in bəyanatında deyilir. Həmçinin, nazirlik qeyd edir ki, regionun işğalı dövründə Ermənistan tərəfindən 400-dən çox abidə dağıdılıb.
“Ərazilərimizin işğalı dövründə demək olar ki, bütün tarixi, mədəni və dini abidələr tamamilə məhv edilmişdir. Bu günə qədər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi azad edilmiş ərazilərdə 400-dən çox abidənin dağıdıldığını müəyyən edib. Bu ərazilərdəki abidələrin ümumi sayı 3 minə qədərdir”, - XİN-dən bildirilir.
Bundan başqa, Qarabağdan minlərlə mədəni və dini mülkiyyət qanunsuz olaraq Ermənistana daşınıb.
“Azərbaycana məxsus mədəni və dini mülkiyyət talan edilmiş, təhqir edilmiş, dəyişdirilmiş və qanunsuz olaraq Ermənistana daşınıb. Azad edilmiş ərazilərdə 100 mindən çox mədəniyyət nümunəsinin olduğu 22 muzey və muzey filialı məhv edilib”, - XİN vurğulayıb.
Nazilrik bildirir ki, Kəlbəcər rayonunda yerləşən XIII əsrə aid Xudavəng monastırının mədəniyyət nümunələri və qədim əlyazmalar, habelə Ağdam rayonunun Şahbulaq qalası yaxınlığında qanunsuz arxeoloji qazıntılar zamanı tapılan qiymətli mədəniyyət nümunələri Ermənistana qanunsuz olaraq daşınmışdır. Bununla yanaşı, Xocavənd rayonunun Azıx kəndindəki Azıx mağarasında qanunsuz qazıntılar aparılıb.
“Bütün bu hərəkətlər, beynəlxalq humanitar hüququn, o cümlədən YUNESKO-nun 1954-cü il Haaqa Konvensiyası və onun iki protokolu, eləcə də 1970-ci il Konvensiyası kimi tənzimləmə sənədlərinin kobud şəkildə pozulmasıdır”, - bəyanatda deyilir. **
X.Nəsirzadə