2021-ci ilin yanvar-mart aylarında Azərbaycana səfər edən əcnəbi vətəndaşların sayı 117,2 min nəfər təşkil edib, bu da ötən ilin yanvar-mart aylarının göstəricisindən 4,4 dəfə azdır. Bu barədə “İnterfaks-Azərbaycan”a Dövlət Statistika Komitəsindən məlumat verilib.
DSK-dən qeyd olunur ki, yanvar-martda ölkəyə səfərlərin əksəriyyəti turizm ilə əlaqədar olmayıb, bu da COVİD-19 koronavirus pandemiyası və 2020-ci il mart ayından Azərbaycana səfərlərə qüvvədə olan qadağa ilə şərtlənir. Baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.
Ötən dövr ərzində ölkəyə gələnlərin 33%-i Rusiya Federasiyası, 27,9%-i Türkiyə, 16,2%-i İran, 10,6%-i Gürcüstan, 2,4%-i Ukrayna, 1,1%-i Böyük Britaniya, 1%-i Belarus, hər birindən 0,7% olmaqla Özbəkistan və Qazaxıstan, 0,6%-i Türkmənistan, hər birindən 0,5% olmaqla Almaniya və İtaliya, 4,8%-i digər ölkələrin vətəndaşları olub.
Ümumilikdə, gələnlərin 93,4%-ni kişilər, 6,6%-ni qadınlar təşkil edib.
Statistikaya əsasən, yanvar-martda Azərbaycana səfər Aİ ölkələrinin vətəndaşlarının sayı 3,5 dəfə - 4,3 min nəfərədək, Fars körfəzi ölkələrindən – 3,5 dəfə - 19,4 min nəfərədək, MDB ölkələrindən – 4,2 dəfə - 45,6 min nəfərədək azalıb.
Hesabat dövründə vətəndaşların 70,9%-i dəmir yolu və avtomobil, 25,8%-i hava, 3,3%-i isə dəniz nəqliyyatı ilə Azərbaycana gəliblər.
Məlumata görə, yanvar-martda xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 8,4 dəfə - 111,1 min nəfərədək azalıb. Həmçinin, vətəndaşların 45,2%-i Türkiyə, 19,7%-i – Rusiya, 9,2%-i - Gürcüstan, 6,9%-i – İran, 19%-i – digər ölkələrə səfər edib.
“Xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 25,8%-i dəmir yolu və avtomobil, 67,5%-i hava, 6,7%-i dəniz nəqliyyatından istifadəedib”, - DSK-dən vurğulanıb.
2020-ci ilin yekunları üzrə Azərbaycana turist axını 795,7 min nəfər təşkil edib, bu da 2019-cu ilin göstəricisindən 4 dəfə azdır. Turist axının azalması COVİD-19-a görə qüvvədə olan məhdudiyyətlərlə əlaqədar olub.
Hazırda Azərbaycana səfərlərə 2021-ci il iyunun 1-dək məhdudiyyətlər qüvvədədir. **
B.Rüstəmbəyov