Hərbi Prokurorluq İkici Qarabağ müharibəsində itkin düşmüş 24 hərbçinin axtarışının davm etdirilməsi barədə məlumat verir.
“Hazırda itkin düşmüş 24 hərbi qulluqçunun olduqları yerlərin müəyyən olunması məqsədilə axtarış qrupları tərəfindən Tərtər, Füzuli, Cəbrayıl, Xocavənd və Xocalı rayonlarının ərazilərində, həmçinin Şuşa şəhəri ətrafında müvafiq axtarış işləri aparılır. Murov dağı silsiləsində isə axtarış işləri əlverişli təbii şərait imkan verənədək təxirə salınıb”, - Prokurorluqdan qeyd olunub.
Məlumata əsasən, həmin hərbi qulluqçuların əsir götürülmələri və yaxud meyitlərinin qarşı tərəfdə olmaları ehtimalları ətrafında da istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir.
2020-ci il noyabrın 10-da atəşkəs elan olunduqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin 386 nəfər hərbi qulluqçusu itkin düşmüş hesab edilir. Ötən dövr ərzində itkin düşmüş 362 nəfər hərbi qulluqçunun meyitlərinin olduğu yerlər müəyyənləşib və şəxsiyyətləri müəyyən edilib.
Prokurorluğun məlumatına görə, indiyədək həlak olan 2,889 min hərbi qulluqçunun meyiti müayinə edilərək şəxsiyyəti müəyyən olunub. Onlardan 1,481 min hərbçinin meyitinin şəxsiyyəti istintaq yolu ilə (379-u DNT analiz nümunələrinin götürülərək müvafiq ekspertizaların keçirilməsi, 1022-i isə əl-barmaq izlərinin götürülərək eyniləşdirmə aparılması yolu ilə) müəyyən olunaraq yaxınlarına təhvil verilib.**
X.Nəsirzadə