Azərbaycan Mərkəzi Bankı ilə Türkiyə Kapital Bazarları Şurası arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Memorandumun məqsədi hər iki ölkənin milli qanunvericiliklərinin tələbləri nəzərə alınmaqla kapital bazarları sahəsində requlyativ əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə mübadiləsinin təşkili, araşdırmaların aparılmasında dəstək və məlumat mübadiləsinin təmin edilməsi üçün zəruri çərçivənin formalaşdırılmasından ibarətdir.
Memoranduma əsasən, hər iki qurum arasında kapital bazarlarının inkişafı istiqamətində təcrübə mübadiləsinin aparılması, birgə tədqiqat işlərinin reallaşdırılması, təlim proqramlarının keçirilməsi, məsləhət xidmətinin göstərilməsi nəzərdə tutulur.
Eyni zamanda, memorandum çərçivəsində tərəflər arasında hər iki ölkədə baş verən iqtisadi və maliyyə proseslərinə, kapital bazarları məsələlərinə dair məlumat və fikir mübadiləsi aparılacaq.*
B.Rüstəmbəyov