İcbari Sığorta Bürosunun (İSB) üzvü olan sığorta şirkətləri 2021-ci ilin birinci rübündə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə sığorta haqqı yığımını ötən ilin analoji dövrü ilə müqayisədə 7,5% - 20 milyon 825,5 min manatadək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Hesabat dövründə sığortaçıların sığorta haqlarının 8,4%-i və icbari sığorta növləri üzrə sığorta haqlarının 22,3%-i AVSMMİS-in payına düşüb.
Birinci rübdə sığortaçılar tərəfindən AVSMMİS üzrə 14 milyon 790,5 min manat (azalma 9,4%) və ya hesabat dövründə sığortaçıların bütün ödənişlərinin 10,2%-i həcmində ödəniş həyata keçirilib. Bütövlükdə, yanvar-mart ayları ərzində icbari sığorta növləri üzrə ödənişlərin 36,1%-i AVSMMİS üzrə ödənişlərin payına düşüb.
2020-ci ildə Azərbaycanda sığortaçıların AVSMMİS üzrə sığorta haqlarının həcmi 5,2% - 100 milyon 430,2 min manatadək, ödənişləri – 25,7% - 67 milyon 235,6 min manatadək azalıb.
Xəbər verildiyi kimi, 2011-ci il dekabrın 16-dan etibarən Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə polislərin yeni tarif və şərtlərlə satışına başlanılıb.
Xüsusilə 50 manat məbləğində baza tarifi müəyyən olunub və mühərrikin həcmi 1500 kubsantimetrə qədər olan avtonəqliyyat vasitələrinə tətbiq olunur. Mühərrikin həcmi artdıqca 1,5-5 əmsalları tətbiq olunur. Mühərrikin həcmi 5 min kubsantimetrdən çox olan avtonəqliyyat vasitələri üçün 5 əmsalı tətbiq olunur, yəni sığorta tarifi 250 manat təşkil edir.
Sərnişindaşıma ilə məşğul olan avtobus və mikroavtobuslar üçün sığorta tarifi hesablananda əmsallar onların sərnişin yerlərinin sayından asılıdır. Belə ki, 9-16 sərnişin yerinə görə 3, 16-dan artıq yerə görə 4 əmsalı tətbiq edilir.
Yük avtomobillərində əmsal yükgötürmə qabiliyyətindən asılı olaraq 3-dən 5-ə qədər təşkil edir.
Motosiklet, traktor və digər kənd təssərrüfatı texnikası üçün əmsal 1-ə bərabərdir.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə əmlaka dəymiş ziyana görə sığorta məbləği 5 min manat, sağlamlığa vurulan zərərə görə 5 min manat (bir nəfərə görə), bir sığorta hadisəsinə görə ümumi limit 50 min manat təşkil edir. Beləliklə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişin maksimum məbləği 55 min manat təşkil edə bilər.**
Ə.Məmmədov