Bazar ertəsi xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasının Bakıya yeni təyin olunmuş səfiri Draqan Vladisavlieviçi qəbul edib.
Vladisavlieviç etimadnaməsinin surətini Bayramova təqdim edib. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilir.
“Bayramov Vladisavlieviçi təyinatı münasibətilə təbrik edib. Ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərini məmnunluqla qeyd edən nazir, Serbiyanın Azərbaycana yeni səfirinin təyin edilməsinin iki ölkə arasında münasibətlərin daha da inkişafına müsbət təsir göstərəcəyini bildirib. Həmçinin, Azərbaycan və Serbiyanın beynəlxalq hüququn prinsiplərinə, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipinə birmənalı dəstək verdikləri vurğulanıb”, - məlumatda qeyd olunur.
XİN-in məlumatına görə, həmçinin tərəflər iki dövlət arasında strateji münasibətlərin daha da inkişaf etdirilməsi üzrə müvafiq addımların atılması, o cümlədən qarşılıqlı səfər mübadiləsinin həyata keçirilməsi, Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanınnövbəti iclasının keçirilməsi, ticarət mübadiləsinin artırılması, habelə digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üzrə fikir mübadiləsi aparıblar. **
N.Abbasova