Rəsmi Bakı Dağlıq Qarabağa dair 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatı tam icra edir. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bəyan edib.
“Azərbaycan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata tam riayət edir və üzərinə götürdüyü bütün öhdəlikləri məsuliyyətlə yerinə yetirir. Üçtərəfli bəyanatların icrası istiqamətində müsbət işlər görülüb. O cümlədən, Azərbaycan ərazi bütövlüyü və suverenlik prinsipləri çərçivəsində Ermənistanla münasibətlərin normallaşmasını dəstəkləyir”, - Bayramov cümə günü Bakıda səfərdə olan Litvanın xarici işlər naziri Gabrielius Landsbergis ilə birgə mətbuat konfransında bildirib.
Bayramov əlavə edib ki, İrəvan Qarabağda ərazilərin mina xəritələrini Bakıya verməkdən imtina edir. “Həmin rayonlar 30 il ərzində minalanıb. Azərbaycanın və beynəlxalq tərəfdaşların çağırışlarına baxmayaraq, Ermənistan mina xəritələrini verməkdən boyun qaçırır və hərbi cinayətlərini davam etdirir. 10 noyabrdan etibarən mina partlayışı nəticəsində 22 nəfər həlak olub və 100 nəfər yaralanıb”, - Bayramov vurğulayb.
Azərbaycan XİN başçısı dünya birliyini bu məsələdə Ermənistana təzyiq göstərməyə çağırıb. “Ermənistana təzyiq artırılmalıdır. Dünya dövlətləri və beynəlxalq təşkilatlar buna səssiz qalmamalıdır”, - o vurğulayıb.
Bundan başqa, Bayramov əlavə edib ki, Azərbaycan üçtərəfli saziş çərçivəsində bütün hərbi əsirləri Ermənistan tərəfinə qaytarıb. Ötən ilin noyabr ayında Azərbaycan ərazisinə qanunsuz yolla keçən və Azərbaycan tərəfindən uğurlu xüsusi əməliyyat nəticəsində saxlanılan 62 erməni hərbçisinə gəlincə isə nazir qeyd edib ki, “həmin şəxslərin əməlləri ilə bağlı araşdırmalar davam edir və onların əməllərinə hüquqi qiymət veriləcək”.
Litva XİN başçısı Gabrielius Landsbergis öz növbəsində qeyd edib ki, Cənubi Qafqazda təhlükəsizliklə əlaqədar vəziyyətin yaxşılaşmasını dəstəkləyir. “Biz regionda təhlükəsizliklə bağlı vəziyyətin yaxşılaşdığını görürük, lakin həll olunmayan məsələlər qalmaqdadır. Regionda davamlı sülhün dəstəklənməsi məqsədilə tədbirlər görmək zəruridir”, - Landsbergis bildirib. **
X.Nəsirzadə