Azərbaycan Mərkəzi Bankı (AMB) kredit təşkilatlarının fəaliyyətinin müvəqqəti tənzimlənməsinə dəstək alətlərinin qüvvədə olma müddətini 1 iyul 2021-ci il tarixinə qədər uzadıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Daha əvvəl bu alətlərin 1 aprel 2021-ci ilə qədər tətbiq edilməsi planlaşdırılmışdı.
Sistem əhəmiyyətli banklar üzrə məcmu kapitalın adekvatlıq əmsalı 11%-dən, digər banklar üzrə məcmu kapitalın adekvatlıq əmsalı 9%-dən az ola bilməz. Kontr-tsiklik kapital buferi 0,5%-dən 0%-ə qədər azaldılır. Eyni zamanda, istehlak kreditləri üzrə əlavə kapital tələbləri də təxirə salınır.
Bundan başqa, bankların öz vəsaitləri hesabına verilmiş ipoteka kreditlərinin risk əmsalı 100%-dən 50%-ə endirilir.
AMB, həmçinin banklara ötən illərin yekunları üzrə dividend ödənişlərini 1 iyul 2021-ci il tarixinə qədər təxirə salmağı tövsiyə edir.*
Ə.Məmmədov