Prezident İlham Əliyev Şuşa şəhər 1 nömrəli 960 şagird yerlik tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Təhsil Nazirliyinə ilkin olaraq 3 milyon manat vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Vəsait Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılacaq.
Bundan əlavə, dövlət başçısı Şuşa şəhərində növbəti istilik mövsümündə 31 binanın isitmə və isti su ilə təmin edilməsi üçün qazanxanaların, binadaxili sistemlərin layihələndirilməsi, tikintisi və quraşdırılması məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəristiliktəchizat” ASC-yə ilkin olaraq 1 milyon manat vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Müvafiq sərəncamlar bu gün dövlət başçısının saytında dərc olunub.
Prezident İlham Əliyevin 7 may 2021-ci il tarixli sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib.*
N.Abbasova