Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi Xəzər dəniz akvatoriyasında hava şəraitinin pisləşəcəyi ilə bağlı xəbərdarlıq edib.
“Xəzər dəniz akvatoriyasında mayın 9-u axşamdan başlayaraq Orta Xəzərdə cənub-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s, mayın 10-da isə şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə arabir 32 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 2.0-3.0 m, sonrakı inkişafda 3.5-5.5 metrə qədər artması proqnozlaşdırılır”, - deyə agentliyin məlumatında bildirilir.
Hava şəraitinə uyğun olaraq, Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinin təcrübəli kapitanları tərəfindən gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq işlərin görülməsi istiqamətində məlumatlandırılacaq.
“Bununla yanaşı, gəmilərin təhlükəsiz şəkildə lövbər sığınacaqlarında dayanması təmin ediləcək. Dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar təhlükəli hidrometeoroloji hadisə ilə bağlı məlumatlandırılacaq”, - deyə məlumatda qeyd olunur.*
N.Abbasova