Azərbaycan prezidenti İlham Əliyev İrəvandan səslənən revanşist bəyanatları ilk növbədə Ermənistan tərəfi üçün təhlükəli adlandırıb.
“Ermənistanda baş verən proseslər, o cümlədən Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinin bir hissəsinin yenidən işğal etməyin mümkünlüyü barədə müxtəlif siyasi qüvvələrin bəyanatları, revanşizm qoxusu verən bəyanatlar, əlbəttə ki, çox təhlükəlidir və ilk növbədə, Ermənistan üçün təhlükəlidir”, - Əliyev bazar ertəsi Bakıda Rusiya XİN başçısı Sergey Lavrovu qəbul edərkən bildirib.
Prezident əlavə edib ki, Ermənistanda azərbaycanofobiya tendensiyaları artmaqdadır.
“Ermənistanda baş verən hadisələrlə, məhz artmaqda olan azərbaycanofobiya meyilləri ilə əlaqədar öz mövqeyimi bildirmək istərdim. Mənim fikrimcə, bu meyillər Ermənistanda hakimiyyəti və müxalifəti birləşdirən yeganə amildir. Anti-Azərbaycan isteriyası artıq bütün hədləri keçir, özü də tamamilə əsassız olaraq”, - o vurğulayıb.
Əliyev əlavə edib ki, bu nifrət və azərbaycanofobiya siyasətinin nəyə gətirib çıxarmasını İkinci Qarabağ müharibəsi əyani şəkildə nümayiş etdirdi. “Buna görə biz Rusiya ilə - bizim strateji tərəfdaşımızla bundan sonra da qarşılıqlı əlaqəli şəkildə regionda vəziyyətin normallaşdırılması üçün fəal iş aparmağa ümid edirik. Hərbi baxımdan biz vəziyyəti artıq normallaşmış hesab edə bilərik, lakin siyasi, iqtisadi, nəqliyyat və gələcək qarşılıqlı fəaliyyətin başqa aspektləri baxımından, əlbəttə, hələ çox iş görülməlidir. Təbii ki, biz ümid edirik, Rusiya bizim dostumuz, strateji tərəfdaşımız, qonşumuz kimi, sülhməramlıları bu gün Azərbaycan ərazisində olan ölkə kimi bundan sonra da gərginliyin azaldılmasına və erməni tərəfinin daha ayıq yanaşmasının üstünlüyünə şərait yaradacaq”, - o qeyd edib.**
A.Əzizov