2021-ci ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $2 milyard 835 milyon 428,83 min təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi $9 milyard 893 milyon 247,39 min (2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə artım 2,1% - İF) təşkil edib. Hesabat dövründə ixracın həcmi $6 milyard 364 milyon 338,11 min (artım 0,9%), idxalın həcmi $3 milyard 528 milyon 909,28 min (artım 4,3%) təşkil edib.
İxracın strukturunda əsas həcm (89,05%) neft-qaz sektoru məhsullarının payına düşüb.
İdxalın strukturunda 17,99% ərzaq məhsullarının, 0,93% tütün və tütün məhsullarının, 4,52% əczaçılıq məhsullarının, 0,62% gübrələrin, 3,05% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,28% odun və agac məhsullarının, 1,96% geyim və geyim aksessuarlarının, 6,38% qara metal və ondan hazırlanan məmulatların, 25,57% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 10,87% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,76% mebelin, 25,07% digər məhsulların payına düşüb.
Yanvar-aprel aylarında xarici ticarət əməliyyatlarında 5,981 min özəl və dövlət müəssisəsi və 18,001 min fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan 164 ölkə ilə ticarət əməliyyatları həyata keçirib.
Yanvar-aprel aylarında Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 37,45%-i), Türkiyə (16,61%), Hindistan (5,49%), İspaniya (5,28%), Gürcüstan (4,88%), Rusiya (3,11%), Portuqaliya (3,04%), Ukrayna (2,8%), Xorvatiya (2,78%) və İsraillə (2,68%), əsas idxal əməliyyatlarını isə Rusiya (18,19%), Türkiyə (15,23%), Çin (12,29%), Almaniya (6,89%), ABŞ (4,34%), Ukrayna (4,03%), İran (3,59%), İtaliya (3,55%), Böyük Britaniya (2,71%) və Cənubi Koreya (2%) ilə həyata keçirib.*
Ə.Məmmədov