Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin telefonla Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların hərfi və ruhuna tam uyğun olaraq təhlükəsizliyin və sabitliyin təmin edilməsi üzrə praktiki vəzifələrin həlli vurğulanmaqla Dağlıq Qarabağ ətrafında vəziyyətin müzakirəsi davam etdirilib”, - deyə məlumatda bildirilir.
“Bu kontekstdə Azərbaycan-Ermənistan sərhədində bu yaxınlarda baş vermiş insidentə diqqət yetirilib. Nizamlanmanın yalnız siyasi-diplomatik metodlarla aparılması ilə bağlı ümumi fikir səsləndirilib”, - deyə məlumatda vurğulanır.
“Rusiya tərəfi vasitəçilik səylərini və Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinin başlanması barədə razılıq əldə edilməsinə yönəlmiş konsultativ köməklik göstərməyi davam etdirəcək”, - deyə məlumatda bildirilir.
Həmçinin ikitərəfli gündəliyin əsas aspektləri barədə fikir mübadiləsi aparılıb.
“Prezident İlham Əliyev Rusiya vaksinlərinin göndərilməsinə görə səmimi minnətdarlığını ifadə edib. Bütün istiqamətlərdə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsində hər iki tərəfin maraqlı olduğu bildirilib. Hökumətlər, müvafiq nazirliklər və idarələr xətti ilə intensiv təmaslar buna yönəldiləcək”, - deyə məlumatda qeyd olunur.*