Dövlət Gömrük Komitəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində daha bir uğurlu əməliyyat barədə məlumat verib.
DGK-nın məlumatına əsasən, Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda keçirilən əməliyyat tədbiri nəticəsində Azərbaycan ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Ukraynaya "təzə qarpız" yükü aparan iki ədəd "DAF" markalı yük avtomobili saxlanılıb və gömrük yoxlaması tətbiq edilib. Təkrara yoxlama zamanı yük nəqliyyat vasitələrinin qoşqusunun ön divarının arasındakı boşluqlarda - kustar üsulla düzəldilmiş gizli saxlanc yerindən 303 ədəd düzbucaqlı formalı bağlamalarda qablaşdırılma ilə birgə çəkisi 244 kq 605 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
2021-ci il aprel-may ayları ərzində Azərbaycan gömrükçüləri narkotik vasitələrin, əsasən heroinin ölkədən tranzit keçmək cəhdinə qarşı altı uğurlu əməliyyat həyata keçirib. Bu əməliyyatlar nəticəsində 1 tona yaxın narkotik aşkar olunaraq götürülüb. **
B.Rüstəmbəyov