Rəsmi Bakı Avropa Şurası da daxil olmaqla, beynəlxalq ictimaiyyəti Ermənistanın revanşist fəaliyyət və Azərbaycana qarşı nifrətdən imtina etməsi üçün İrəvana təsir göstərməyə çağırıb. Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Avropa Şurası da daxil olmaqla, beynəlxalq ictimaiyyət Ermənistanı revanşist fəaliyyət və Azərbaycana qarşı nifrətdən imtina edərək, davamlı sülh, regional əməkdaşlıq və inkişaf üçün nadir imkandan istifadə etməyə inandırmaqda qətiyyət nümayiş etdirməyə davam etməlidir. Biz, həmçinin beynəlxalq aktorların regionumuzda sülhün və barışığın qurulması ilə bağlı yaranmaqda olan müsbət, bununla yanaşı, kövrək olan prosesə xələl gətirə biləcək istənilən hərəkətdən çəkinməsini gözləyirik”, - deyə o, bu gün Avropa Şurası Nazirlər Komitəsinin 131-ci iclasında çıxışı zamanı bildirib.
Eyni zamanda, C.Bayramov hələ də Ermənistan tərəfindən 10 noyabr tarixli Bəyanatdan və ümumilikdə beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərin pozulduğunu təəssüflə qeyd edib.
“Təəssüf ki, biz hələ də Ermənistan tərəfindən 10 noyabr tarixli bəyanatdan və ümumilikdə, beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərinin pozulmasının şahidi oluruq. Məsələn, Ermənistanın hələ də Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yerləşdirilmiş minaların xəritələrini təqdim etməkdən imtina etməsi xüsusilə narahatedicidir. Üzücüdür ki, ötən ilin noyabrından etibarən 120-dən çox Azərbaycanlı mina partlayışları nəticəsində həlak olmuş və xəsarət almışdır”, - deyə o vurğulayıb.
Bayramovun sözlərinə görə, minalanmış ərazilərin xəritələrinin təqdim edilməsi insan həyatlarının xilas edilməsi, post-münaqişə zamanı dirçəliş prosesi və bərpa işlərinin aparılmasının tezləşdirilməsi, eləcə də minlərlə məcburi köçkünün ayrılmaz hüququ olan öz doğma evlərinə təhlükəsiz və ləyaqətli şəraitdə qayıtması üçün mütləq və təxirəsalınmaz şərtdir.
“Ermənistan 1991-1994-cü illər ərzində Azərbaycana qarşı törətdiyi hərbi təcavüz nəticəsində itkin düşmüş 4000-ə yaxın Azərbaycanlının taleyi barədə məlumat verməkdən imtina etməkdə davam edir”, - deyə XİN başçısı qeyd edib.*
X.Nəsirzadə