Dövlət Təhlükəsizliyi Xidməti (DTX) “İraq Şam İslam Dövləti» (İŞİD) terror təşklatının sıralarında döyüşən Azərbaycan vətəndaşının həbsi barədə məlumat verib.
Məlumata əsasən, Azərbaycan Respublikasının vətəndaşı, 1986-cı il təvəllüdlü Orxan Camalov 2014-cü ildə ölkə hüdudlarını tərk edərək İŞİD terror təşkilatının Suriyadakı silahlı qruplaşmasına daxil olub.
Əvvəllər Camalov Zaqatala rayonunda “Meşə qardaşları” adlı qanunsuz silahlı birləşməsinin üzvü olduğuna görə məhkum olunub.
“Camalov azadlığa çıxdıqdan sonra “Hanzala” ləqəbli Şamil adlı şəxsin dəvəti və köməyi ilə 2014-cü ilin avqust ayında Türkiyə Respublikasına, oradan isə qanunsuz yollarla Suriya Ərəb Respublikasının ərazisinə keçərək həmin dövlətin Rakka şəhərinə gedib. Camalovun orada İŞİD terror təşkilatına tabe olan “Azəri camaatı” adlı qanunsuz silahlı birləşməyə qoşulmasına, həmin cinayətkar qrupun tərkibində təlimlərdə və silahlı münaqişələrdə iştirak etməsinə əsaslı şübhələr müəyyən edilib”, - DTX məlumat verir.
Qeyd olunan faktlarla bağlı DTX-də başlanılan cinayət işi üzrə Camalov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 218.2-ci (cinayətkar birlikdə iştirak etmə) və 283-1.3-cü (dini məzhəbləri yayma, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə məqsədilə yaradılmış qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. **
X.Nəsirzadə