Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov hesab edir ki, Ermənistanla sülh sazişinin imzalanması hər iki ölkənin suverenliyi və sərhədlərinin toxunulmazlığına hörmət əsasında mümkün ola bilər.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bayramov bu fikirləri Vyanada ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışı zamanı səsləndirib.
XİN başçısı hesab edir ki, işğal faktorunun aradan qaldırılması ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması imkanı yaranıb.
“Çıxışda nazir, habelə münaqişə sonrası bərpa, yenidənqurma və reinteqrasiya proseslərinin əhəmiyyətini vurğulayıb. Bu istiqamətdə Azərbaycanın ATƏT-in icraçı strukturları ilə əməkdaşlıq etməyə davam edəcəyi qeyd olunub. Münaqişənin həllinin regionda sülh, təhlükəsizlik və əməkdaşlıq üçün yeni perspektivlər yaratdığı, ATƏT-in də bu proseslərə töhfə verə biləcəyi vurğulanıb”, - deyə məlumatda qeyd olunur.
İclasda regionda iqtisadi və nəqliyyat bağlantılarının açılmasının önəmi vurğulanıb. İclas iştirakçıları Azərbaycan-Ermənistan sərhədində baş vermiş son gərginliyin danışıqlar yolu ilə həllinin vacibliyini qeyd ediblər.*
A.Əzizov