Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan tərəfini sərhəddə vəziyyətlə bağlı yalan bəyanatlarla vəziyyəti gərginləşdirməməyə, bu və digər məsələlərlə bağlı fikir ayrılıqlarının həllində konstruktiv danışıqlar aparılmasına çağırır.
“Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın Geqarkunik rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki mövqelərinin guya Kəlbəcər rayonu ərazisindən atəşə tutulması barədə Ermənistan tərəfindən yayılan məlumatlar həqiqətə uyğun deyil”, - Azərbaycan XİN-in bəyanatında deyilir.
Nazirlik qeyd edir ki, Ermənistan tərəfindən yayılan növbəti yalan, qarşı tərəfin öz silahlı qüvvələri arasında baş verən insidentin məqsədli şəkildə sərhəd məntəqəsində vəziyyətin gərginləşdirilməsi üçün istifadə edilməsi cəhdidir.
“Vurğulamaq istərdik ki, hazırda Azərbaycan-Ermənistan sərhədində vəziyyət sabitdir və nəzarət altındadır. Ermənistan tərəfini yalan bəyanatlarla vəziyyəti gərginləşdirməməyə, bu və digər məsələlərlə bağlı fikir ayrılıqlarının həllində konstruktiv danışıqlar aparılmasına çağırırıq”, - XİN-dən vurğulanır. **
A.Əzizov