Belarus Qarabağda aqroşəhərciklərin yaradılmasında Azərbaycana dəstək göstərməyə hazırdır. Bu sözləri Belarusun kənd təsərrüfatı və ərzaq naziri İvan Krupko Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli və kənd təsərrüfatı naziri İnam Kərimovla görüşdə bildirib.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti “Belaqro-2021” 31-ci Beynəlxalq İxtisaslaşmış Sərgisində iştirak etmək üçün Minskdə səfərdədir.
Görüşdə Azərbaycan ilə Belarus arasında aqrar sahədə strateji əməkdaşlıq məsələləri müzakirə olunub.
“Tərəflər iki ölkənin baytarlıq nəzarəti sistemlərinin inteqrasiyası, bu sahədə kadr hazırlığı, birgə elmi-tədqiqat işlərinin aparılması, kənd təsərrüfatı və ərzaq məhsullarının qarşılıqlı ixracı və digər məsələləri nəzərdən keçiriblər”, - deyə məlumatda qeyd olunur.
Görüşdə iki ölkənin kənd təsərrüfatı və qida təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə Fəaliyyət Planının hazırlanması, bununla bağlı Azərbaycan və Belarusun müvafiq qurumlarının təmsilçilərindən ibarət işçi qrupunun formalaşdırılması və digər məsələlər ətrafında müzakirələr aparılıb.*
X,Nəsirzadə