10 iyun tarixindən etibarən Rusiya Federasiyası və Türkiyə Respublikasının vətəndaşları hava yolu ilə Azərbaycan ərazisinə COVID pasport və COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənəd təqdim etməklə səfər edə biləcəklər. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.
“Operativ Qərargah Azərbaycan kimi epidemioloji vəziyyəti sabit olan bir sıra ölkələrin vətəndaşlarının ölkəmizin ərazisinə səfər edə bilməsi üçün xüsusi icazə tələbinin mərhələli şəkildə ləğv olunması barədə qərar qəbul edib. İlkin mərhələdə 10 iyun tarixindən etibarən epidemioloji vəziyyətdə müsbət dinamikanın müşahidə edildiyini nəzərə alaraq Rusiya Federasiyası və Türkiyə Respublikasının vətəndaşları hava yolu ilə Azərbaycan ərazisinə aşağıda müəyyən edilmiş şərtlərlə səfər edə biləcəklər:
- Yaşı 18-dən yuxarı olan sərnişinlərin tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi rəsmi sənədin (COVID pasport) və uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması;
- 1 yaşdan 18 yaşadək olan sərnişinlərin uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması”, - deyə məlumatda bildirilir.*
N.Abbasova