2021-ci ildə Azərbaycanda ÜDM-nin artımı 2,8% təşkil edəcək, 2022-ci ildə iqtisadi artım 3,9%-dək sürətlənəcək. Bu barədə Dünya Bankının “Dünya iqtisadiyyatının perspektivləri” (Global Economic Prospects, GEP) adlı iyun hesabatında deyilir.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, DB yanvar ayında 2021-ci il üçün Azərbaycanda ÜDM-nin artımını 1,9%, 2022-ci ildə isə 4,5% səviyyəsində proqnozlaşdırmışdı.
DB 2023-cü ildə Azərbaycanda ÜDM artımını 3,4% səviyyəsində proqnozlaşdırır.
“Azərbaycanda ÜDM-nin artımının neftin qiymətinin stabilləşməsi, həmçinin bərpa (Qarabağın – İF) xərcləri və investisiyalarla dəstəklənəcəyi gözlənilir. 2020-ci ilin noyabrında Ermənistanla Azərbaycan arasında imzalanmış atəşkəs sazişi regionda geosiyasi gərginliyi azaldıb, sabitlik üçün risklər isə yüksək olaraq qalır”, - deyə hesabatda bildirilir.
Azərbaycan hökuməti 2021-ci ildə ÜDM-nin artımını 3,4% səviyyəsində proqnozlaşdırır.
2020-ci ildə Azərbaycanda ÜDM COVID-19 səbəbindən tətbiq edilən məhdudiyyətlər və OPEC+ razılaşması çərçivəsində neft hasilatının azalması ilə əlaqədar 4,3% azalıb.*
Ə.Məmmədov