Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan məlumat verib ki, Moskva ilə Ermənistanın şərqindən cənubuna qədər Azərbaycanla sərhədyanı xətt boyu rusiyalı sərhədçilərin və beynəlxalq müşahidəçilərin yerləşdirilməsi məsələsini müzakirə edir.
“Azərbaycana qoşunların eyni anda geri çəkilməsini və sərhədyanı xətt boyu rusiyalı sərhədçilərin yerləşdirilməsini, ATƏT-in Minsk qrupunun həmsədrlərinin cəlb etməklə beynəlxalq monitorinqin aparılmasını və Sotka hissəsindən (Ermənistanın şərqində Qeqarkunik vilayəti - İF) başlayaraq Xoznavarta qədər (Ermənistanın cənubunda Sünik vilayəti - İF) Ermənistan sərhədinin demarkasiyası prosesinə başlanılmasını təklif etdim”, - Paşinyan Qeqarkunik vilayətində seçkiöncəsi mitinqdə bildirib.
Onun sözlərinə görə, bu məsələ ilə əlaqədar Ermənistan tərəfi rusiyalı həmkarları ilə sıx təmasdadır.
“Rusiya sərhəd qoşunlarının nümayəndələri sərhədin bu hissəsində olublar, ərazini öyrəniblər və hazırda rusiyalı sərhədçilərinin və beynəlxalq müşahidəçilərin hansı mövqelərdə yerləşdirilməli olduqları ilə bağlı məsələləri müzakirə edirik”, - Paşinyan qeyd edib.
O, Rusiya, ABŞ və Fransa prezidentlərinə “bu məsələdə mühüm səylərinə görə” minnətdarlığını bildirib.
“İnanıram ki, beynəlxalq əməkdaşlıq halında regionda davamlı sülh və sabitliyi təmin edə biləcəyik”, - Paşinyan qeyd edib. **