Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələcəkdə Ankara ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasını mümkün hesab edir.
“Ermənistanla Azərbaycan arasında problemlər aradan qaldırıldıqca, Türkiyə İrəvanla münasibətlərin normallaşdırılması üçün müəyyən addımlar ata bilər”, - deyə Ərdoğan bu gün Azərbaycan Milli Məclisində çıxışı zamanı bildirib.
O, həmçinin Zəngəzur dəhlizinin yaradılması layihəsinin Ermənistan da daxil olmaqla, region ölkələri üçün əhəmiyyətini qeyd edib.
“Zəngəzur dəhlizinin regiona gətirəcəyi faydaları sözlə ifadə etmək mümkün deyil. Zəngəzur dəhlizi çərçivəsində fəaliyyətə başlayacaq dəmir yolu ilə ermənilər Moskvaya və dünyanın digər hissələrinə asanlıqla hərəkət edə, bununla da özlərini saldıqları təcriddən qurtula biləcəklər. Türkiyə ilə sərhədlərin açılmasının Ermənistan üçün faydalarını saymaqla bitməz”, - deyə Türkiyə lideri vurğulayıb.
O, həmçinin qeyd edib ki, regionda yeni problemlərin yaranmasına yol verməmək üçün birgə imkanları müəyyənləşdirmək lazımdır.
Ərdoğan vurğulayıb ki, Qarabağ məsələsini NATO-nun sammitində (iyunun 14-də Brüsseldə - İF) müzakirə ediblər.*
N.Abbasova