Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, “altılıq platforması”nda iştirak Gürcüstanla Rusiyanı yaxınlaşdıra bilər.
“Biz Prezident İlham Əliyevlə “altılıq platforması”nın (Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstan) yaradılması təşəbbüsünü irəli sürdük. Məqsəd bölgədə sabitlik yaratmaq, düşmənçilikləri ortadan qaldırmaqdır. Tək Gürcüstanın bu mövzuda sualları var idi. Son Türkiyə səfərində gürcü baş nazirlə bu məsələni müzakirə etdim”, - deyə Ərdoğan bu gün Azərbaycan Milli Məclisində çıxışı zamanı bildirib.
O qeyd edib ki, İrakli Qaribaşvili ilə görüşdə bildirib ki, Gürcüstanın “altılıq platforması”nda iştirakı Tbilisi ilə Moskva arasında problemlərin həlli üçün yardımçı ola bilər.
“Mən ona dedim ki, Gürcüstanın bu platformada iştirakı onun da xeyrinə olacaq, çalışın, bunu edin, yaxşı olacaq. Çünki bu bölgənin sülhə ehtiyacı var, bunu bacarmağımız lazımdır”, - deyə Ərdoğan əlavə edib.*
N.Abbasova