2021-ci ilin yanvar-may aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 447 milyon 41,5 min sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 25,6% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 876,8 min nəfər (azalma 27%), dəniz nəqliyyatı ilə 5,3 min nəfər (azalma 17,2%), hava nəqliyyatı ilə 239 min nəfər (azalma 45,9%) daşınıb.
Cari ilin yanvar-may aylarında avtomobil nəqliyyatı vasitələri ilə 445 milyon 566,4 min sərnişin (azalma 18%), avtobuslarla 408 milyon 71,3 min sərnişin (azalma 21,9%), taksilərlə 37 milyon 495,1 min sərnişin (artım 81,6%) daşınıb.
2021-ci il mayın 31-dən fəaliyyətini bərpa edən Bakı Metropoliteni ilə bir gün ərzində 354 min nəfər (2020-ci ilin 5 ayının göstəricisi ilə müqayisədə azalma 99,4% - İF) daşınıb.
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar 2020-ci ilin mart ayının ikinci yarısından etibarən Azərbaycanda aviareyslərin həyata keçirilməsi dayandırılıb. Yalnız ayrı-ayrı ölkələrə çarter və xüsusi reyslər həyata keçirilir.
Bundan başqa, 2020-ci ilin mart ayında metro, ölkənin bölgələrinə avtobuslarla daşımalar dayandırılıb, dəmir yolu ilə sərnişin daşımaları əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb. Bakı Metropoliteninin fəaliyyəti mayın 9-dan bərpa olunsa da, koronavirusa yoluxanların sayının artması səbəbindən iyulun 4-dən sentyabrın 14-dək yenidən dayandırılıb. Metropolitenin fəaliyyəti 2021-ci il mayın 31-dən bərpa olunub.*
B.Rüstəmbəyov