Prezident İlham Əliyev Seyid İbrahim Rəisini İran İslam Respublikasının yeni prezidenti seçilməsi münasibətilə təbrik edib.
“Azərbaycan Respublikası tarixən dini və mədəni köklərlə bağlı olduğu İran İslam Respublikası ilə münasibətlərə xüsusi əhəmiyyət verir. Strateji əməkdaşlıq səviyyəsinə yüksəlmiş əlaqələrimizin mövcud vəziyyəti məmnunluq doğurur”, - deyə dövlət başçısının saytında dərc olunmuş təbrikdə bildirilir.
İ.Əliyev qeyd edib ki, Azərbaycanın əzəli, tarixi torpaqlarının işğaldan azad edilməsi ilə Azərbaycan-İran dövlət sərhədi tam bərpa edilmişdir. Bu yeni vəziyyət ölkələrimiz arasındakı ikitərəfli əlaqələrin daha da gücləndirilməsi və regional əməkdaşlığın inkişafı baxımından böyük imkanlar vəd edir.
“İnanıram ki, qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran dostluq və əməkdaşlıq münasibətləri birgə səylərimizlə xalqlarımızın və ölkələrimizin mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmlənəcək və genişlənəcəkdir”, - deyə İ.Əliyev vurğulayıb.
İyunun 18-də İranda keçirilən prezident seçkilərində İbrahim Rəisi 17,9 milyon səs (ümumi səslərin təxminən 62%-i) toplayaraq prezident seçilib. Onun rəqibi Möhsin Rezayi 3,4 milyona yaxın, digər 2 namizəd isə daha az səs toplayıb.*
Ə.Məmmədov