Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Qazaxıstanın baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Söhbət zamanı iqtisadi əlaqələrə toxunularaq, investisiya layihələrinin və nəqliyyat dəhlizlərinin inkişafının önəmi qeyd olundu. Qarşıdakı illərdə yükdaşımanın həcminin artırılmasının və tariflərin unifikasiyası üçün daha əlverişli şəraitin yaradılmasının vacibliyi bildirildi”, - məlumatda deyilir.
Eyni zamanda, ticarət dövriyyəsinin artırılmasının da gündəlikdə duran mühüm məsələlərdən biri olduğu qeyd edildi və pandemiya bitdikdən sonra ticarət dövriyyəsinin bərpa olunacağına və artırılacağına ümidvarlıq ifadə olundu.
“Bu baxımdan ticari-iqtisadi əməkdaşlığın şaxələndirilməsinin və qarşılıqlı ixracın genişləndirilməsinin vacibliyi vurğulandı”, - məlumatda deyilir. **
B.Rüstəmbəyov