Azərbaycan və UNESCO təşkilatın missiyasının işğaldan azad olunmuş Ağdam və Füzuli rayonlarına, həmçinin Şuşa şəhərinə səfəri ilə bağlı müzakirələr aparır. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırarkən bildirib.
L.Abdullayevanın açıqlamasında qeyd olunur ki, son aylar ərzində Azərbaycan və UNESCO arasında videokonfrans formatında bir sıra görüşlər keçirilib.
“2021-ci il iyunun 21-də baş tutmuş sonuncu görüş zamanı Azərbaycan tərəfi ölkəmizin UNESCO missiyasını qəbul etməyə hazır olduğunu bir daha vurğulayıb və təşkilatı bu prosesi sürətləndirməyə çağırıb. Bu xüsusda, UNESCO missiyasının işğaldan azad olunmuş Ağdam və Füzuli rayonlarına, həmçinin Şuşa şəhərinə səfəri ilə bağlı müzakirələr aparılıb”, - deyə o vurğulayıb.
L.Abdullayeva əlavə edib ki, Azərbaycan tərəfi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMTQAK) arasında aparılmış müzakirələr nəticəsində BMTQAK-ın ölkəmizin münaqişənin təsirinə məruz qalmış ərazilərinə missiyasının həyata keçirilməsi ilə bağlı razılıq əldə edilib.
“Hazırda səfərlə əlaqədar işlərin yekunlaşdırılması üçün hər iki təşkilatdan cavab gözləyirik”, - deyə Azərbaycan XİN-in sözçüsü bildirib.*
B.Rüstəmbəyov