Dünya Bankının (DB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sara Maykl hesab edir ki, Azərbaycan iqtisadiyyatı 2022-ci ilin ikinci yarısında koronavirus pandemiyasından əvvəlki səviyyəyə çatacaq.
“DB-nin iqtisadçıları Azərbaycan iqtisadiyyatının tədricən bərpa olunduğunu qeyd edirlər. Proqnozlarımıza görə, bu il ÜDM-nin artım tempi 3%, 2022-ci ildə isə 4% səviyyəsində gözlənilir. Lakin faktiki artım templəri proqnozlarımızı qabaqlaya bilər ki, bu da ölkədə vaksinasiya prosesinin yüksək templəri, həmçinin Qarabağda azad edilmiş ərazilərin bərpasına dövlət investisiyaları ilə əlaqədar mümkündür”, - deyə Maykl “İnterfaks-Azərbaycan” agentliyinin sualına cavab olaraq jurnalistlərə bildirib.
Onun sözlərinə görə, DB hesab edir ki, Azərbaycan iqtisadiyyatı 2022-ci ilin ikinci yarısında pandemiyadan əvvəlki səviyyəyə qayıdacaq. “Lakin artıq qeyd etdiyim kimi, Azərbaycanda vaksinasiya prosesi sürətli templərlə gedir, üstəlik, Azərbaycan hökuməti Qarabağın bərpasına fəal şəkildə sərmayə yatırır. Buna görə də ölkə iqtisadiyyatının əvvəlki səviyyəyə qayıtması gələn ilin ikinci yarısından daha tez mümkün ola bilər”, - deyə o qeyd edib.
Maykl vurğulayıb ki, Qarabağda bərpa işləri və regionun Azərbaycan iqtisadiyyatına reinteqrasiyası ölkə iqtisadiyyatının artım templərinin sürətlənməsinə böyük töhfə verəcək.
Azərbaycan hökuməti 2021-ci ildə ÜDM-nin artımını 3,4% səviyyəsində proqnozlaşdırır.
2020-ci ildə Azərbaycanda ÜDM COVID-19 səbəbindən tətbiq olunan məhdudiyyətlər və OPEC+ razılaşması çərçivəsində neft hasilatının azalması ilə əlaqədar 4,3% azalıb.*
Ə.Məmmədov, A.Əzizov