Sahibkarlığın İnkişafı Fondu COVİD-19 koronavirusdan zərərçəkmiş biznes subyektlərin dəstəklənməsi çərçivəsində 149,7 milyon manat məbləğində dövlət zəmanəti verib.
“Mayın 31-dək dövlət zəmanətli kredit və faizlərin subsidiyalaşdırılması mexanizmi çərçivəsində 1,026 min müraciət üzrə 258,3 milyon manat kreditə 149,7 milyon manat məbləğində dövlət zəmanəti verilib”, - Fondun məlumatında deyilir.
Bundan başqa, SİF mövcud kredit portfelinin subsidiyalaşdırılması mexanizmi üzrə 57 milyon manat faiz subsidiyasının verilməsi barədə müsbət qərar qəbul edib.
“Sahibkarlara artıq 49,3 milyon manat subsidiya ödənişi həyata keçirilib”, - məlumatda vurğulanır.
2021-ci ildə subsidiyaların ödənilməsinə 80 milyon manat yönəldiləcək.
Nazirlər Kabineti 2020-ci il iyulun 9-da “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nı təsdiq edib.
Faiz subsidiyaları zəmanət verilən kreditlərə hesablanıb ödənilir.
Zəmanət aşağıdakı hallarda verilmir: sahibkarlıq subyektinin müvəkkil kredit təşkilatından almaq istədiyi kreditin təyinatı zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinə uyğun deyildirsə; kredit hesabatına əsasən sahibkarlıq subyektinin 2020-ci il 10 mart tarixinə 60 gündən artıq (zamin durduğu öhdəliklər istisna olmaqla) gecikməsi olduqda; sahibkarlıq subyektinin bank hesabları üzərində məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla sahibkarlıq subyekti arasında müqavilədə nəzərdə tutulmuş hallarda pul vəsaitinin silinməsinə dair müvafiq sərəncam olduqda; sahibkarlıq subyekti zəmanət üçün müraciət etdiyi müvəkkil kredit təşkilatına aidiyyəti şəxs olduqda; sahibkarlıq subyektinin nizamnamə kapitalında dövlətin iştirak payı 50 faizdən çox olduqda; sahibkarlıq subyekti riskli vergi ödəyicisi olduqda.
Hər bir sahibkarlıq subyekti üzrə kreditin məbləği 3 milyon manatdan çox olmamalıdır.
Bundan başqa, hökumət dövlət zəmanəti verilməyən ümumilikdə 1 milyard manat məbləğində cari biznes kredirlərini subsidiyalaşdırır. Faiz subsidiyası kreditin faiz dərəcəsinin 10 faiz bəndi miqdarında verilir (kreditlər üzrə faiz dərəcəsi və müddətdən asılı olmayaraq).**
Ə.Məmmədov