Azərbaycan prezidenti İlham Əliyev ümid edir ki, Ermənistan hökuməti seçkilərdən sonra Azərbaycanla sülh sazişinin imzalanmasına razılıq verəcək.
“Ermənistan hökuməti bizim Ermənistanla sülh sazişinə dair danışıqlara başlamaqla bağlı heç bir bəyanatımıza məhəl qoymur. Lakin ola bilsin ki, seçkiqabağı vəziyyət bu cür bəyanatlar vermək üçün çox əlverişli olmayıb. Amma indi Ermənistanda seçkilər başa çatandan sonra ümid edirik ki, müsbət cavab olacaq”, - Əliyev bu gün Rumıniya, Avstriya və Litvanın xarici işlər nazirlərini qəbul edərkən bildirib.
Əliyev vurğulayıb ki, rəsmi Bakı dəfələrlə bəyan edib ki, postmünaqişə vəziyyətindən Cənubi Qafqazda sülhməramlı inkişafa və əməkdaşlığa keçmək istəyir.
“Əfsuslar olsun ki, biz indiyədək Ermənistan hökumətindən buna bənzər nə isə eşitməmişik. (...) əgər bizim Ermənistanla sülh sazişimiz olmasa, bu, o deməkdir ki, sülh də yoxdur. Təkcə iki ölkə arasında deyil, həm də Cənubi Qafqazda sülh yoxdur. Bizə sülh və dayanıqlı inkişaf, proqnozlaşdırılma, sıfır müharibə riski lazımdır, bizə müharibə lazım deyil. Bizə əvvəl də müharibə lazım deyildi”, - Əliyev vurğulayıb.
Həmçinin prezident Aİ ölkələrinin XİN başçılarının İrəvana səfələri zamanı bu məsələni Ermənistan rəhbərliyi ilə müzakirə edəcəklərinə ümidvar olduğunu qeyd edib.
“Mən başa düşdüyüm qədərilə sizin regiona səfəriniz Ermənistanla Azərbaycan arasında münaqişədən sonra yaranmış hazırkı vəziyyətə həsr olunub. Başqa sözlə desək, postmünaqişə vəziyyəti əhəmiyyət kəsb edir, çünki düşünürəm ki, indi – bu il və gələn il ərzində postmünaqişə vəziyyəti ilə bağlı əsas fundamental yanaşmalar işlənib hazırlanacaq. Azərbaycanın mövqeyi çox açıq və aydındır”, - Əliyev deyib. **
X.Nəsirzadə